AŞPA-Azərbaycan münasibətləri - deputatların MÜZAKİRƏSİ

15:43 02.10.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

AŞPA Azərbaycana bağladığı qapını gələn il aça bilər"

Xəbər verildiyi kimi, sentyabrın 29-dan başlayaraq oktyabrın 3-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayıb. Azərbaycan-Ermənistan sülh prosesi, Vaşinqtonda əldə olunan son razılaşma və Avropa Birliyinin bu prosesi dəstəklədiyini nəzərə alaraq, AŞPA-nın Azərbaycana münasibətində hansı dəyişikliyi edəcəyi ehtimalını gündəmə gətirir. Yeni reallığa uyğun olaraq AŞPA-Azərbaycan münasibətlərində vəziyyət necədir?

Bu istiqamətdə Hafta.az-ın suallarını Milli Məclisin deputatları Elman NəsirovAsim Mollazadə cavablandırıb.

- 8 Avqust Vaşinqton razılaşmasından sonra, Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasında hansı dəyişiklik müşahidə olunur?

E.N:

- 8 Avqust Vaşinqton razılaşmaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində yeni səhifə açıb, keyfiyyətcə yeni mərhələyə daxil olub. Birləşmiş Ştatların Prezidenti Donald Trampın bu prosesdə mərkəzi rolda dayanıb sülhü dəstəkləməsi və bunun məntiqi nəticəsi olaraq Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanat imzalaması, eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, 907-ci maddənin faliyyətinin növbəti dəfə dayandırılması, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıqla bağlı strateji sənədin hazırlanması prosesinə start verilməsi, bununla bağlı işçi qrupunun formalaşdırılması, habelə Zəngəzur dəhlizinin - Tramp marşrutunun işə salınması ilə bağlı əməli addımların atılması dünya paytaxtlarında diqqətlə izlənilməkdədir. Xüsusilə də Avropa Birliyi bu prosesləri çox yaxından izləyir. Avropa Birliyi ilə ABŞ strateji müttəfiqlərdir və aralarındakı ticarət dövriyyəsi bu gün 1.5 trilyon dollara çatıb. Bu reallıqlar fonunda Avropa Birliyi və onun rəhbərliyinin sülh prosesinə dəstək verməkdən başqa bir yolları qalmır. Çünki bu ideyanın müəllifi Vaşinqtondur. Ona görə də Avropa Birliyinin mövqeyində də bir yumşalma var. Gələn il Ermənistan paytaxtında Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək. Bu sammitə Azərbaycan və Türkiyənin liderləri də dəvət alıb. Yəni bütün bunlar hamısı yumşalma prosesinin elementləridir. Xüsusilə də ikitərəfli formatda aparılan danışıqlar öz müsbət nəticələrini verir və Avropa Birliyi də bütün sadalanan reallıqları nəzərə almaq məcburiyyətindədir.

A.M:

- Avropa Birliyi Vaşinqton razılaşmaları ilə bağlı öz dəstəyini ifadə edib. Vaşinqtonda Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı müvafiq sənədlərin paraflanması əslində sülh istiqamətində yolları açıb və real olaraq sülh istəyən bütün dövlətlər bu prosesə öz dəstəyini verə bilər.

Xaricdə olan erməni diasporası sülh istəmir, Ermənistan üçün yeni problemlər arzu edirlər. Ermənistanın faciələri çox olduqca bundan maliyyə qazancları əldə edirlər. Amma erməni diasporları da Vaşinqton razılaşması fonunda öz istəkləri ilə bağlı açıq çıxış edə bilmir.

- Avropa Birliyinin ən böyük dövləti olan Fransanın ölkəmizə qarşı mövqeyində nə dəyişib?

E.N:

- Fransa Avropa Birliyinin ən böyük siyasi qanadını, güc mərkəzini təşkil edir. Əgər Almaniya iqtisadi gücdürsə, Fransa siyasi gücdür. Fransa da bu yeni yanaşmaları, gedən prosesləri nəzərə almaq məcburiyyətindədir. Emmanuel Makron Donald Trampın təşəbbüslərinin  əleyhinə gedə bilməz. O, nə qədər ermənipərəst siyasətçi olsa da, eyni zamanda reallığı nəzərə almalı və anti-Azərbaycan siyasətində də müəyyən pauzalar seçməyə məcburdur. ABŞ-ın prosesdə həlledici olması Fransanın da mövqeyinə və məlum müsbət proseslərə loyal yanaşmasını şərtləndirir.

A.M:

– Fransa sülh prosesinə qarşı çıxış edə bilmir. Əslində, onların başı öz problemləri ilə qarışıb. Ölkənin daxilində ciddi sosial, iqtisadi problemlər var. Buna görə də hökumət istefaya gedib və  daxili problemlər daha çox diqqətdə saxlanır.

- Dünyanın ən nüfuzlu beynəlxalq təşkiatlarında Azərbaycanla bağlı konstruktiv yanaşmanın müşahidə olunduğu bir vaxtda AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi qərəzli yanaşmadan geri çəkiləcəyi görünürmü və bu qurumda təmsilçiliyimiz yenidən bərpa oluna bilərmi?

E.N:

- Əgər bu reallıqlar fonunda Avropa Birliyinin mövqeyində yamşalma varsa, AŞPA-da da analoji proseslər getməlidir. Bu gün AŞPA–Azərbaycan münasibətlərinin dondurulmasına görə məsuliyyət Strasburqun üzərinə düşür. Əgər AŞPA-dan Azərbaycanla bağlı müsbət jestlər, müəyyən reveranslar baş versə Azərbaycan da bunun qarşılığında addımlar ata bilər. Yəni Azərbaycan AŞPA ilə əməkdaşlıq qapısını bağlamayıb. Qapısını bağlayan AŞPA-nın özüdür. Əgər qapını özü bağlayıbsa, onu özü də açmalıdır.

Digər tərəfdən, Azərbaycan AŞPA ilə əməkdaşlıq etməkdə maraqlı tərəfdir. Hesab edirəm, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı kifayət qədər böyükdür. Bu baş verəcəyi təqdirdə AŞPA Azərbaycana bağladığı qapını aça bilər.

A.M:

- AŞPA ilə Azərbaycan arasındakı münasibətlərdə hansısa bir ciddi dəyişiklik yoxdur. AŞPA da Azərbaycana qarşı müvafiq qərarları ləğv edib və səhvlərini etiraf eləsələr bu məsələyə baxa bilərik. Yalnız bundan sonra həmin quruma dönə bilərik. Hələlik,  bu istiqamətdə yeni heç nə yoxdur.